Qılıncoynatma üzrə dünya kuboku, habelə Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxan, dünya çempionatının isə gümüş mükafatına yiyələnən sablyaçımız Anna Başta 2022-ci ilin yekunlarına həsr olunan qala mərasimdə fikirlərini bölüşüb.
O, 2022-ci ilin onun üçün uğurlu keçdiyini söyləyib: “İlk dəfədir belə əla mövsüm keçirirəm. Əminəm ki, bu, son deyil və hər şey yeni başlayır. Mənim əsas vəzifəm 1 ildən sonra olacaq. Bütün gücümü ora yönəltmişəm. Milli komandanın lideri olmağım mənim məsuliyyətimi daha da artırır. Bunu mənə hər zaman deyirlər. Yarışlarda yeganə rəqibimiz özümüzük. Bu, psixoloji və ya fiziki problemlərlə bağlı ola bilər. Belə şeylərin üzərində çalışıram ki, heç nə mənə mane olmasın. Növbəti mövsümdə bütün mümkün xalları qazanmaq istəyirəm. Əminəm ki, bacaracağam. Çünki federasiya rəhbərliyi, məşqçilər və dostlarım Paris olimpiadasına hazırlıq baxımından mənə çox dəstək olur. Ümumiyyətlə, qalib gəldiyim və ya uduzduğum istənilən qarşılaşmadan sonra sakit oluram. Heç bir emosiya olmur. Məsələn, Avropa çempionatından sonra ətrafımdakı hər kəs sevinir, məni təbrik edirdi. Mənim isə sevinməyə gücüm qalmamışdı. Səhər oyananda çempion olduğunu və titul qazandığını düşünürsən. Dərhal bunu unutmağa çalışırsan ki, növbəti yarışlara köklənə biləsən. Hazırda məqsədim Paris olimpiadasında qalib olmaqdır".